Tərtər işi
Tərtər işi — Azərbaycan Silahlı Qüvvələrinə mənsub olan şəxsi heyətin bir hissəsinin (mülki, əsgər, çavuş, gizir və zabit heyəti) və mülki vətəndaşların Ermənistan Milli Təhlükəsizlik Xidməti ilə mümkün əlaqəsi və bu mümkün əlaqələr nəticəsində Azərbaycanın əleyhinə olaraq Ermənistanın maraqlarını təmin etmək məqsədilə casusluq fəaliyyəti və bu mümkün fəaliyyətin Azərbaycanın dövlət orqanları tərəfindən ifşa olunmasından sonra mümkün təqsirkarların 2017-ci ilin aprel-iyun aylarında Azərbaycanın hüquq mühafizə orqanları əməkdaşları və hərbi qulluqçuları tərəfindən qeyri-insani fiziki və mənəvi işgəncələrə məruz qoyularaq ifadələrinin alınması, bu proses zamanı onların öldürülməsi, əlil edilməsi, mümkün təqsirkarları müxtəlif üsullarla məcbur edərək onların etirafedici ifadələrə imza atdırılması və s. kimi qeyri-qanuni əməlləri özündə ehtiva edən və yekunda keçirilən məhkəmə proseslərinin cəmləşdirilmiş adı. Məhkəmənin hökmünə əsasən, Ermənistan MTX-sı ilə mümkün əlaqələrə görə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham olunan 22 nəfər barəsində 5 ildən 20 ilə qədər müddətə azadlıqdan məhrum etmə cəzaları çıxarıldı. Hökm, 1-ci mərhələdə 11 nəfər, 2-ci mərhələdə 7 nəfər, 3-cü mərhələdə 4 nəfər olmaqla 3-lü mərhələ şəklində çıxarıldı.
İstintaq prosesinin qeyri-rəsmi olaraq “Tərtər işi” kimi adlandırılmasının səbəbi, kütləvi işgəncələrin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən istismara yararsız və istifadə edilməyən 1-ci Ordu Korpusunun tebeliyində olan hərbi hissənin keçmiş Qərargahında baş verməsi (həmçinin, işgəncələrin çox kiçik bir hissəsi Mingəçevir şəhərində yerləşən 3-cü Ordu Korpusuna tabe olan hərbi hissədə baş verib), istintaqın Tərtər Rayon Hərbi Prokurorluğunda aparılması, hökmün Gəncə və Tərtər Hərbi Məhkəmələrində çıxarılması və mümkün casusluq faktlarının Ağdam və Tərtər rayonlarının təmas xətti boyunca yerləşən mövqelərində baş verməsidir. Əslində isə rəsmi olaraq istintaq prosesinin heç bir xüsusi adı mövcud deyil.
2017-ci ilin may ayında Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə bəyanat verərək, hərbçilərin Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq ittihamı ilə tutulduğunu bildirdilər.
Daha sonra 2019-cu ildə tədricən daha geniş ictimaiyyət, rəsmi və qeyri-rəsmi olaraq casusluqda şübhəli bilinən hərbçilərə qarşı işlərin detallarını, xüsusən də 2017-ci ilin may və iyun aylarında edilən kütləvi işgəncələri açıqlamağa başladı. Hüquq müdafiəçisi Oktay Güləliyevin dediyinə görə, kütləvi həbslərin ilk aylarında nə ictimaiyyət, nə də hüquq müdafiəçiləri baş verənlər barədə heç nə bilmədilər.
Azərbaycan hüquq müdafiəçilərinin bildirdiyinə görə, Azərbaycan Silahlı Qüvvələrinin 100-dən çox əsgər və zabitinə işgəncə verilmiş, 25 nəfər uzun müddətli həbs cəzası almış və 12 nəfər işgəncədən ölmüşdür.